2019-08-23

AR XİN mətbuat katibi KİV-in sualını cavablandırır

Sual: Ermənistan KİV-in yaydığı məlumata görə, avqustun 22-də bu ölkənin hökuməti "tanınmamış Qarabağda seçkiləri izləmək üçün ilk dəfə olaraq xarici QHT-lərə vəsait ayırdı". Üstəlik, bu "görünməmiş bir qərar" kimi qələmə verilir. Onların təbirincə, "Ermənistan hökuməti həmişə demokratiya üçün pul istəmək rolunda olubsa, indi isə donor rolunda çıxış edir". Bununla əlaqədar nə deyə bilərsiniz?

Cavab: Erməni mediasının yaydığı bu məlumatla bağlı öncə xatırlatmaq istərdim ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan ilk dəfə deyil ki, bu ərazilərdə "seçkilər" və ya "referendum" adlandırdığı müxtəlif tamaşalar təşkil edir. Onların nəticələrinə görə, beynəlxalq ictimaiyyət yekdilliklə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə edir, qanunsuz rejimin, eləcə də onun tərəfindən keçirilən hər hansı bir "seçkilər"in tanınmaması ilə bağlı prinsipial mövqeyini hər dəfə bəyan edir.

Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilər”in izlənməsi üçün vəsait ayıran Ermənistan hökuməti bir daha ölkəmizin Dağlıq Qarabağ bölgəsinə və ona bitişik inzibati rayonlarına nəzarəti həyata keçirdiyini etiraf etmiş olur və bununla da 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarın müvafiq müddəalarının doğru olduğunu təsdiqləyir.

Nəhayət, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "yerli idarəetmə orqanlarına seçkiləri" demokratiyanın göstəricisi kimi təqdim etmək cəhdləri heç bir məntiqə sığmır. Dünya birliyi  azərbaycanlı əhalinin kütləvi qırğınlarını, etnik təmizlənməsini və yüz minlərlə məcburi köçkünün təməl hüquqlarının pozulmasını pisləyir. Bütün bu beynəlxalq deliktlərə görə cavabdehlik daşıyan Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz.

Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə "demokratiya ixracı"nın yalançı görüntüsünü yaratmaq üçün boş yerə cəhdlər etmək əvəzinə, öz vətəndaşlarının aktual problemləri barədə düşünməlidir. Bundan əlavə, bu ölkənin hərəkətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin irəliləməsi məntiqinə zidd olmamalı və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı əsasında yaranmış status-kvo vəziyyətinin qorunub saxlanılmasına xidmət etməməlidir.

Arxiv üzrə axtarış