Azərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarovun Türk Şurası Nümayəndəliyinin açılış mərasimində nitqi
Hörmətli cənab Nazir Siyarto,
Zati-aliləri,
Xanımlar və cənablar,
Burada, Budapeştdə olmaq və Türk Şurasının bu gözəl binadakı Nümayəndəliyinin açılışında iştirak etmək şərəfdir. Azərbaycan Respublikasının Xarici İşlər naziri kimi, macarıstanlı həmkarlarımıza bu binanın açılışı üçün lazımi şəraitin təmin olunmasına göstərdikləri səylərə görə dərin təşəkkürümü bildirmək istərdim.
Macarıstanın Budapeştdə Türk Şurası Nümayəndəliyinin təsis edilməsi barədə öhdəliyi ilk olaraq Baş nazir Zati-aliləri Viktor Orbanın Türk Şurasının Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilmiş 6-cı Zirvə toplantısında səsləndirdiyi və Türk qardaşlığını vurğulayan çox səmimi ismarışlarında irəli sürüldü. Zirvə görüşü zamanı Macarıstanın təşkilatda müşahidəçi statusu əldə etməsi Türk Şurasının genişləndirilməsi baxımından tarixi bir hadisə oldu. Böyük bir etimadla təsdiq edə bilərik ki, müşahidəçi statusunu aldıqdan qısa müddət sonra Macarıstan Türk Şurası və onun üzv dövlətləri ilə əməkdaşlığı inkişaf etdirmək əzmini nümayiş etdirdi.
Macarıstanla Türk Şurasına üzv dövlətlər arasında əməkdaşlıq geniş spektr üzrə uğurla inkişaf etdirilir və biz əminik ki, Nümayəndəlik, bu əməkdaşlığı növbəti səviyyəyə yüksəltmək üçün bir mərkəz kimi xidmət göstərəcək, habelə Türk Şurasının Macarıstanla əlaqələrinin genişləndirilməsinə və Avropa təsisatları və Avropa İttifaqı ilə bağların möhkəmləndirilməsinə imkanlar yaradacaqdır. Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə daha sıx münasibətlər qurmaq niyyətini təqdirəlayiq hal hesab edirik və bu niyyət özünü bu günkü gündə açıq şəkildə nümayiş etdirir.
Məlum olduğu kimi, Türk Şurasının 7-ci Zirvəsi 15 Oktyabr 2019-cu il tarixində Bakıda keçiriləcəkdir və bu hadisəyə ev sahibliyi edəcəyimizdən xüsusi şərəf duyuruq. Biz bu toplantını Türk Şurasının təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etdiyi üçün xüsusi Zirvə görüşü hesab edirik. Özbəkistanın bu Zirvə görüşündə Türk Şurasının tam hüquqlu üzvü kimi təmsil olunması təşkilatın tarixində növbəti mühüm hadisədir. Biz, həmçinin Macarıstanın Baş naziri Zati-aliləri cənab Viktor Orbanı Azərbaycanda görməkdən məmnun olacağıq və bu Baş nazirin Türk Şurasının zirvə görüşlərində ikinci iştirakı olacaq.
Zati-aliləri,
Yekunda bir daha qeyd etmək istərdim ki, Nümayəndəliyin açılışı Türk Şurasının fəaliyyətinə müsbət təsir göstərəcək, təşkilatın gələcək inkişafına töhfə verəcək və üzv dövlətlər ilə Macarıstan arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün unikal fürsət təqdim edəcəkdir.
Çox sağ olun.