2019-09-10

Azərbaycan Respublikası XİN-in mətbuat katibi L.Abdullayeva KİV-in Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli özünüidarəetmə seçkiləri”nin keçiriləcəyi barədə sualı cavablandırır

Sual: Ermənistan mətbuatında bu ilin 8 sentyabr tarixində Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli özünüidarəetmə seçkilərinin” keçiriləcəyi məlumatı yayılır. Bu barədə XİN-in mətbuat katibi qismində şərhinizi öyrənə bilərikmi?

Cavab: Ermənistan kütləvi informasiya vasitələrinə əsasən ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “seçkilər” donu ilə təqdim edilən növbəti şounun təşkili nəzərdə tutulur. Hər kəsə çox yaxşı bəlli olan bir reallıq var; hərbi təcavüz, işğal, etnik təmizləmə, qanunsuz əməllər halında hansı “seçki”dən danışırsansa danış, nə bu hazırlanan tamaşa, nə də onun nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və tanınmayacaq. Ölkəmizin işğal olunmuş torpaqlarında işğalçı ölkə Ermənistan tərəfindən yaradılmış oyuncaq rejimlə də bağlı bu eynilə belədir.

Xatırladıram, bu günə kimi keçirilmiş dırnaqarası seçkilərlə bağlı beynəlxalq ictimaiyyət, o cümlədən həmsədr ölkələri, bu qanunsuz əməlləri və onların nəticələrini tanımadıqlarını birmənalı şəkildə qeyd ediblər. Ermənistan tərəfinin müxtəlif ölkələrdə erməni diaspor təşkilatları və lobbist qruplarının dəstəyi ilə təşkil olunan tədbirlərdə ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki oyuncaq rejimi təbliğ etmək səylərinə, təşkil edilən qanunsuz səfərlərə, təxribat xarakterli əməllərinə rəğmən həqiqət birdir və dəyişilməzdir. Bu həqiqətin nədən ibarət olduğunu konkret misallara istinadən qeyd edim.

Avstraliya timsalında, bu yaxınlarda Avstraliyaya qanunsuz rejimin agentlərinin səfəri təşkil olundu və bunu sanki qondarma rejimin “tanınması” kimi qələmə verməyə çalışıldı. Avstraliya federal hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi əlbəttə bəllidir, eyni zamanda bu son hadisələrdən sonra Avstraliya XİN-i rəsmi internet səhifəsində Azərbaycanın ərazi bütövlüyünün bu ölkə tərəfindən dəstəkləndiyini və Dağlıq Qarabağın “müstəqil dövlət” kimi tanınmadığını bəyan etdi.

Başqa bir misal, Almaniya XİN-i erməni mətbuatında, guya ki, qondarma rejimin Almaniyadakı torpaq seçkilərində müşahidəçi qismində iştirakına dair məlumata cavab olaraq yazılanların əsassız olduğunu Səfirliyimizə bildirmiş və Almaniyanın nə Dağlıq Qarabağı, nə də orada keçirilən “seçkiləri” tanımadığını vurğulamışdır.

Bu kimi daha çox misalı qeyd edə bilərəm. Bir sözlə, həqiqət ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bütün beynəlxalq sənədlərdə öz əksini tapır.

Arxiv üzrə axtarış